ALNINDAN ÖPDÜKLƏRİM
... Həyətdəki sevincimdən çağırdılar məni qaşqabaqlı adamlar, “Yatmış” əmimin yanına gətirdilər, - Alnından öp, - dedilər...
Sarı bir soyuqluğa toxundu dodaqlarım; Sonra yarımçıq sevincimə tələsdi ayaqlarım... Hər axşam qaralan günün alnından öpdü gözlərim, Alnından öpdüklərim bir də dönmədi geri...
Gözlərində yaş, ürəyində qəm, Bir səhər bazara gedən inəyimizin alnından öpdü nənəm; O gündən badyamızda köpüklənmədi süd, qapımızda görünmədi Çiçək, Deyəsən bazara gedəndə badyamızın alnından öpmüşdü inək... Ümidi bağladıq qapımızdakı çatımıza, On il sonra aldığımız inəyi də Gözləri dolmuş bir qarı alnından öpüb satdı bizə. * * * Bir gün babamın alnından öpdük, əvvəl nənəm, sonra mən; Bir gün də nənəmin alnından öpdük, əvvəl anam, sonra mən; Sonra anamın alnından öpdük, əvvəl ölüm, sonra mən... * * * Yoluma çıxan yaxşıların gözündən öpdüm, Təsəlli dolu sözündən öpdüm. Yamanların alnına baxa-baxa qaldı gözlərim, Ürəyimdə yuxuladı alnından öpdüyüm sözlərim... *** Alından öpməyə qorxuram, Əllərindən öpürəm oğlunun alnından öpmüş məktubu qoynunda gəzdirən anaların, Üzündən öpürəm, ayaqları məktəb pillələrini öpən balaların, Dodaqlarından öpürəm ürəyə yaxınların...
|