UTAN
(H-C) Ey axund, ey pişvayi-əhli-iman, bir utan! Əllərindən dad edir ehkami-Quran, bir utan! Hansı dinin əhlisən sən, yolmudur göstərdiyin? Ümməti məhv eyləyəndə varmı iman, bir utan! Hansı Qurandır sənə öyrətdi şeytan sirrini, İşlərinçin qaldı şeytanlar da heyran, bir utan! Zati-napakında, yahu, hissi-rəhman yoxmudur? Saymadın Allahı, ey Allaha düşmən, bir utan! Saldırıb sən ac köpəklər tək qan içməkdən bütün Əllərin qan, dişlərin qan, surətin qan, bir utan! Geydiyin əmmamə ağ, amma yazıq qəlbin qara, Daşmısan, daşdanmı ruhun, ey müsəlman, bir utan! Kor gözün, şil əllərin bir qövmi məhv etməkdədir, Bax, onun ənqazıdır bu ahü-əfqan, bir utan! Çox uzaqlaşdın həqiqətdən, dur, Allah eşqinə, Ey həqiqət qatili, ey canlı peykan, bir utan! Tövqi-lənətdən nişanın var, çalış - əz, parçala! Başqa bir şöhrət qazanmaqçın yox imkan, bir utan! Milləti sərməst edən sözlər - o çox müdhiş şərab - Bax, sənindir, dəhşətindən xamə lərzan, bir utan!
16 aprel, 1913
|